Məktəblərdə tullantıların idarə olunması ilə bağlı ekoloji məlumatlılığın artırılması məqsədilə təlimlər keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şagirdlərə erkən yaşlardan ekoloji şüur aşılanması və tullantıların düzgün idarə olunmasını öyrətmək məqsədilə orta məktəblərdə maarifləndirici görüşlər təşkil olunur.
Görüşlərdə Yasamal rayonu Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin, Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin və Xətai rayonu R. Məmmədov adına 269 nömrəli tam orta məktəbin 5-8-ci sinif şagirdlərinə tullantıların növləri, düzgün çeşidləmə, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması və onların toplanması, təkrar emalın əhəmiyyəti, eləcə də məişət tullantılarının azaldılması üsulları barədə ətraflı məlumat verilir.
Bu interaktiv formatda keçirilən görüşlər “Azərbaycanda plastik tullantıların ekoloji cəhətdən səmərəli idarə edilməsinin təşviqi və innovativ təkrar emal həllərinin tətbiqi” layihəsi çərçivəsində həyata keçirilir. Layihə, Bazel Konvensiyasının “Plastik Tullantı Tərəfdaşlığı” proqramı çərçivəsində, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qafqaz üzrə Regional Ekoloji Mərkəzin tərəfdaşlığı ilə təşkil olunub.