“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir
25 oktyabr 2024-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.*
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu və psixoloq, valideynlər, məktəbin şagird və müəllim kollektivi iştirak edirdi.
Tədbirin əvvəlində məktəbin direktoru çıxış edərək məqsəd və əhəmiyyətdən danışdı və qonaqları təqdim etdi. Daha sonra şagirdlər narkotik vasitələrin fəsadlarını əks etdirən çıxış və səhnəciklər nümayiş etdirdilər.
Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov narkomaniyaya qarşı mübarizənin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və maarifləndirmənin rolu barədə danışdı. O, gənc nəslin sağlamlığının qorunmasında məktəb, ailə və cəmiyyətin üzərinə düşən vəzifələri vurğuladı, həmçinin gənclərin zərərli vərdişlərdən uzaq olması üçün yaradılmış şəraitdən bəhs etdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov da çıxışında narkomaniyanın təhlükələrindən danışdı, yeniyetmə və gənclərin sağlam, vətənpərvər yetişməsi üçün ölkədə aparılan islahatları və narkotiklə mübarizəyə dair Dövlət Proqramını izah etdi. O, Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıq göstərən gənclərin vətənpərvər ruhunu vurğuladı və gələcək üçün sağlam düşüncəli, zərərli vərdişlərdən uzaq gənclərə ehtiyac olduğunu bildirdi.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı və aktiv iştirak edən bir neçə şagird Sabunçu Rayon Polis İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olundu.