Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür
Mayın 26-da Xalq yazıçısı, görkəmli dramaturq, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin (1914–1996) anadan olmasının 110-cu ildönümü tamam oldu. Bu münasibətlə Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbin direktoru,Pedaqogika üzrə fəlsəfə doktoru Qənirə Əmircanovanın Görkəmli Xalq yazıçısının 110 illiyinə həsr olunmuş "İlyas Əfəndiyevin yaradıcılığında tarixilik və müasirlik" adlı kitabının təqdimatı oldu. Kitabın təqdimatında çıxış edən müəllif Qənirə Əmircanova bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, zəngin yaradıcılığı ilə ədəbiyyatımıza misilsiz töhfələr bəxş etmiş ölməz sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir dövrümüzün bədii salnaməsidir. İlyas Əfəndiyevin yaratdığı əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Ədib bütün yaradıcılığı boyu azərbaycançılıq ideyasını, xalqımızın zəngin mənəviyyatını təbliğ edən əsərlər yazıb.Böyük ədibin yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına, Dövlət mükafatına, “Şöhrət” ordeninə layiq görülüb. Sonda Qənirə Əmircanova müəllifi olduğu "İlyas Əfəndiyevin yaradıcılığında tarixilik və müasirlik" adlı kitabın İlyas Əfəndiyevin 110 illiyinə Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəb adından kiçik bir tövhə olduğunu bildirib.