27 sentyabr Anım Günü

     

     Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü”nün qeyd olunması ilə bağlı  Tədbirlər Planına əsasən 27 sentyabrda Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və  30 illik müharibə tarixində həlak olan Şəhidlərin  əbədi xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qənirə Əmircanova çıxış edərək Azərbaycan xalqının Qarabağda tarix yazan Vətən oğullarına  olan sonsuz  ehtiramını bildirdi. O, qeyd etdi ki, 30 illik müharibə dövründə erməni işğalına son qoymaq  məqsədilə Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə ayağa qalxan, uzaq olmayan keçmişdə parta arxasında əyləşən, dünənin uşaqları, bugününsə gəncləri Vətən müharibəsinin qəhrəmanlıq səhifəsini öz qanları ilə yazdılar. Q. Əmircanova məktəblilərə bu günləri heç vaxt unutmamağı, şəhidlərin ruhuna ehtiramlarını yaxşı oxumaq və nümunəvi şagird olmaqla cavab verməyin vacibliyindən danışdı. O, qeyd etdi ki, erməni terrorçularının işğalçılıq siyasəti nəticəsində  baş verən bu müharibədə Bakı məktəblərindən 40-dan çox müəllim öz şagirdləri ilə birgə döyüşlərdə iştirak edərək tarixin bu imtahanından da “əla” qiymət aldılar, doğma yurdumuzun hər yerində qazi müəllimlərimiz var ki, onlar işlərini bitmiş hesab etmir, mübarizələrini dərs dediyi şagirdlərin həyatında da  davam etdirirlər.

            Daha sonra Qənirə Əmircanova məktəbin xüsusi qonaqlarını – şəhid Nicat Xələfovun anası Dilarə Xələfovanı, I və II Qarabağ döyüşlərinin iştirakçısı, bölüm komandiri, polkovnik-leytenant, qazi Qalib Cəfərovu, Suqovuşan-Laçın istiqamətlərində ağır döyüşlərin iştirakçısı, gizir, qazi Əhədov Əlini şagirdlərə və valideynlərə təqdim etdi. Onlar keçdikləri döyüş yolları haqqında ətraflı məlumat verərək, daima dövlətimizə sadiqliyin əhəmiyyətindən, gələcək uğurlara imza atmaq üçün tariximizi və mədəniyyətimizin öyrənilməsinin vacibliyindən danışdılar. Şagirdlərin ifasında səslənən vətənpərvərlik mahnıları, göstərilən səhnəciklər, ifa olunan şeirlər, tədbir boyu çəkilən rəsm əsərləri   tamaşaçılarda xoş əhval-ruhiyyə oyatdı.

            Tədbirin sonunda qonaqlar məktəb kollektivinə şagirdlərlə canlı ünsiyyət qura bildikləri üçün təşəkkür edərək onlara fəaliyyətlərində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi