13№li Bakı Peşə Məktəbi ilə görüş
22.04.2021-ci il tarixində Bakı şəhəri 28№li tam orta məktəbdə təhsil alan 9-cu siniflərin şagirdlərini peşə təhsilinə yönəltmək məqsədi ilə Bakı şəhəri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Mərkəzi 13№li Bakı Peşə Məktəbinin əməkdaşları ilə birgə virtual iclas keçirildi. İclası 28№li tam orta məktəbin direktoru Qənirə Əmircanova açdı. Q. Əmircanova öz çıxışında bildirdi ki, 9-cu sinif şagirdlərinə dəstək olmaq üçün onları müəyyən peşə ixtisasına yönəltmək lazımdır. Bu yaşda düzgün seçilən peşə ixtisası onların gələcək həyatında mühüm rol oynaya bilər. Şagirdlərə peşə məktəblərinə üz tutmağını tövsiyə etdi.
Bundan sonra Bakı şəhəri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Mərkəzi 13№li Bakı Peşə Məktəbinin rəhbərliyi adından çıxış edən Sima Hüseynova şagirdlərə məktəblərində fəaliyyət göstərən ixtisaslar haqqında geniş məlumatlar verdi. Peşə məktəbində xalçaçılıq, dərzilik, tikiş, geyim üzrə dizayner, kompüter operatoru, ərzaq və qeyri-ərzaq malları üzrə ixtisas, aşpazlıq, sahibkarlıq, təmirçi, çilingər ixtisaslarının adları qeyd edildi. Bütün bunlar şagirdlərə video slayd şəklində təqdim olundu.
Daha sonra hər ixtisas üzrə məsul şəxs öz peşəsi və vəzifələri haqqında ətraflı məlumat verdi. Burada müasir dövrdə hər bir ixtisasın dərinliyinə yiyələnmənin çox önəmli olduğu xüsusi vurğulandı.
Sonda peşə məktəbinin rəhbərliyi görüşü yüksək səviyyədə təşkil etdiyi üçün Qənirə Əmircanovaya xüsusi minnətdarlığını bildirdi.