"Ən gözəl gül” adlı gül sərgisi keçirilib

Mayın 1-də məktəbin əsas korpusunun foyesində məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədovanın təşkilatçılığı, məktəbin 5 "Ə" və 6 "Ə" sinif şagirdlərinin təqdimatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ən gözəl gül” adlı gül sərgisi keçirilib.
Sərginin açılış mərasimində məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər.
Sərgidə 5 "Ə" və 6 "Ə" sinif şagirdləri öz əl işlərini nümayiş etdiriblər.
Güllərdən hazırlanmış ekspozisiyalar, həmçinin güllərlə bəzədilmiş lövhələr nümayiş olunub.
Sərgidə müxtəlif əl işləri rəsm əsərləri, toxunma güllər, lentlər, daşlar, balıqqulağı, şüşə və digər qarışıq materiallardan hazırlanmış gül kompozisiyaları yer alıb.
Təqdim olunan kompozisiyalar içərisində daha çox Ulu Öndər Heydər Əliyevə həsr olunmuş əsərlər yer alıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən danışıb.
Sərginin təşkilində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin böyük ehtiramla yad edilməsi, uşaqların estetik zövqünün inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və onların təsviri sənətə olan meylini artırmaq olub.