“Xoş gəldin, Novruz!” adlı təntənəli konsert proqramı təşkil olunub

Martın 17-də məktəbin akt zalında məktəbin müəllimləri - İlahə Quliyeva, Əfsanə Axverdiyeva, Nailə Fataxova, Bəyim Qarayeva, uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın və məktəbin şagirdlərinin birgə təşkilatçılığı ilə “Xoş gəldin, Novruz!” adlı təntənəli konsert proqramı təşkil olunub.
Tədbirdə məktəb rəhbərliyi, pedoqoji kollektiv, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə şagirdlər Azərbaycanın qədim adət-ənənələri, milli mətbəxi, zəngin tarixi nümunələrini özündə əks etdirən səhnəciklər nümayiş etdiriblər, musiqi və şeirlər səsləndiriblər.
Daha sonra söz məktəbin direktoru Rövşən Qasımova və tədbirdə iştirak edən qonaqlara verilib. Rövşən Qasımov çıxışında bildirib ki, Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni həyatın başlanğıcını simvolizə edən ən qədim bayramlardan biridir. Qonaqlar da öz növbəsində bayram münasibətilə tədbir iştirakçılarına səmimi təbriklərini çatdırıblar.
Şənlik Novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib.
Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin maraqlı oyunları isə tədbir iştirakçılarına əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.