Məzun şəhidin məzarını ziyarət ediblər

Martın 5-də Səbail Rayon İcra Hakimiyyətinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Səbail rayon komitəsinin və 236 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə şəhid olan məktəbin məzunu - Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlunun şəhadətə yüksəlməsinin ildönümü münasibətilə məzarını ziyarət ediblər.

Anım gününə həsr edilən tədbirdə şəhidin ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin və Həmkarlar İttifaqının Səbail rayon komitəsinin nümayəndələri, veteranlar, qazilər, qəsəbə sakinləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Ziyarətə gələnlər 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda qeyri-qanuni erməni birləşmələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuş baş leytenant Şəhriyar Əlibəylinin xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Anım mərasimində çıxış edənlər Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun əldə etdiyi Qələbədən söhbət açıblar. Diqqətə çatdırılıb ki, 44 günlük Zəfər yürüşündə işğal altında olan torpaqlarımız azad edilməklə bərabər, şəhidlərimizin də qisası alındı.

Şəhidin məzarı önündə çıxış edən məktəbin direktoru Rövşən Qasımov tarixi Qələbənin qazanılması uğrunda mübarizədə canlarından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını bildirib. Şəhid Şəhriyar Əlibəylinin timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Şəhriyar Əlibəyli 25 oktyabr 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. Orta təhsilini Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəbdə bitirib. Heydər Əliyev adına Hərbi Akademiyanın məzunu olan baş-leytenant Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şəhriyar Əlibəyli ölümündən sonra “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi