“Mənim ana dilim – doğma dilim” adlı tədbir keçirilib

Fevralın 20-də məktəbin akt zalında məktəbin rus dili və ədəbiyyatı müəllimi Leyla Əliyeva və biologiya müəllimi Nahidə Carullayevanın birgə təşkilatçılığı, 5 "F" sinif şagirdlərinin iştirakı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim – doğma dilim” adlı tədbir keçirilib.
Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri məktəbin direktoru Rövşən Qasımov giriş sözü ilə açaraq, Beynəlxalq Ana Dili Gününün təsis tarixindən, dilimizə göstərilən dövlət qayğısından danışıb.
Məktəbin direktoru bildirib ki, dil xalqın simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin əsas səhifəsidir.
Tədbirə dəvət alan qonaqlar çıxışlarında müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin güclü olmasından söz açıb, dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən dil quruculuğundan bəhs ediblər.
Daha sonra tədbirdə Azərbaycan dilinin inkişafı ilə bağlı ədəbi nümunələr diqqətə çatdırılmaqla yanaşı digər dillərdə çıxışlar edilib, bu dillərin tarixi, inkişafı və əhəmiyyəti vurğulanıb.
Sonda şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.