“Xocalı – səni heç vaxt unutmarıq” adlı anım tədbiri keçirilib

Fevralın 26-da məktəbin akt zalında musiqi müəllimi İlahə Quliyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş “Xocalı – səni heç vaxt unutmarıq” adlı anım tədbiri keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, məktəbin pedaqoji heyəti və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri məktəbin direktoru Rövşən Qasımov giriş sözü ilə açaraq bildirib ki, Xocalı soyqırımına ilk siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Vurğulanıb ki, 2023-cü ilin sentyabrında keçirilən birgünlük hərbi əməliyyatlar zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Xocalı, o cümlədən Xankəndi və ətraf əraziləri nəzarəti altına aldı. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir və heç zaman bu faciəni unutmayacaq.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndirilib və ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.