“Azərbaycan dili varlığımızdır” adlı tədbir keçirilib

Fevralın 18-də məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanovanın, Azərbaycan dili və ədəbiyyatı müəllimi Azadə Əfəndiyevanın təşkilatçılığı və 6 "A" sinif şagirdlərinin iştirakı ilə “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dili varlığımızdır” adlı tədbir keçirilib. Tədbir Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələrinin yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov Ümummilli Lider Heydər Əliyevin fikirlərindən sitat gətirərək öz ana dilini bilməyənlərin şikəst adamlar olduğunu söyləyib, hər bir vətəndaşın öz ana dilini bilməsinin vacib olduğunu qeyd edib.
Daha sonra Azadə Əfəndiyeva ana dilimizin zəngin tarixindən danışıb, “Beynəlxalq Ana Dili Günü”nün mədəni irsin davamlılığı baxımından nə qədər mühüm bir mövzu olduğu barədə ətraflı məlumat verib.
Tədbirdə şagirdlər Bəxtiyar Vahabzadənin “Ana dili”, Süleyman Rüstəmin “Dilimə dəymə” və Tofiq Bayramın “Ana dilim” şeirlərini səsləndirib, dilə olan məhəbbətlərini və dərin bağlılıqlarını dilə gətiriblər.