"Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Dekabrın 19-da Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən məktəbin akt zalında "Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Əhalinin mülki müdafiəyə hazırlığı şöbəsinin rəisi polkovnik-leytenant Faiq Balakişiyev, Səbail rayonu üzrə FH və MM şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərov, Bakı Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Selvina Qurbanova, Dövlət Yanğın Nəzarəti Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin baş inspektoru polkovnik-leytenant Fərid Həsənov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru daxili xidmət polkovnik-leytenant Fərid İlhamoğlu və inspektor daxili xidmət leytenantı Türkan Əhmədova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçiləri Rüfət Əhmədov və Asiman Abdurrahmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Nail Bağırzadə, məktəbin rəhbər və müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov qonaqları salamlayaraq, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən maarifləndirici görüşlərin keçirilməsini yüksək qiymətləndirərək təşkilatçılara məktəb kollektivi adından minnətdarlığını bildirib.
Maarifləndirici tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlığı və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair çıxışlar dinlənilib. Həmçinin dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda, 112 - “qaynar xətti” haqqında məlumat verilib, mövzulara dair fotoslaydlar nümayiş olunub. Sonra təhsil müəssisəsinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarına Gənclər və İdman Nazirliyi tərəfindən göndərilən hədiyyələr və sertifikatlar təqdim olunub.