“Şanlı Zəfər tariximiz”adlı təntənəli tədbir keçirilib

Noyabrın 2-də məktəbdə məktəbin rus dili və ədəbiyyatı müəllimi Leyla İmanovanın təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər tariximiz”adlı təntənəli tədbir keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, peşəkar zabitlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Səbail Rayon İcra Hakimiyyətinin, bir sıra dövlət orqan və qurumlarının səlahiyyətli nümayəndələri, iştirak ediblər.
Əvvəlcə məktəbin çağırışaqədərki hazırlıq fənnini tədris edən hərbi rəhbəri, 44 gün davam edən Vətən müharibəsinin iştirakçısı polkovnik-leytenant Eldəniz Niftiyevinin rəhbərlik etdiyi məktəbin 10 və 11-ci sinif şagirdlərindən ibarət komandasının ilkin hərbi hazırlıq biliklərinin nümayişi olub. Belə ki, şagirdlər avtomatın natamam sökülüb yığılması, mühafizə vasitələri və onlardan istifadə qaydaları, yaralılara ilkin tibbi yardım olunaraq döyüş meydanından təxliyəsi əyani şəkildə göstərilib.
Daha sonra qonaqlar məktəbin foyesində Zəfər Gününə həsr olunmuş şagirdlərin rəsm və əl işlərinə baxış keçiriblər.
Bayram tədbiri məktəbin akt zalında rəngarəng konsert proqramı ilə davam edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Rövşən Qasımov 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin qəhrəmanlığından danışıb. Tədbir məktəbin yaradıcı kollektivinin təşkil etdiyi vətənpərvərlik mahnılarından, şəhidlərimizin xatirəsinə həsr olunan musiqilərdən ibarət “Böyük Qələbə” adlı konsert proqramı ilə davam edib.