Şəhidlik zirvəsinə ucalan məzunun xatirəsi yad edilib

Oktyabrın 25-də məktəb rəhbərliyi, bir qrup müəllim və şagird kollektivi şəhid olan məktəbin məzunu - Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlunun doğum günü münasibətilə məzarını ziyarət ediblər.
Müəllim və şagirdlər 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda qeyri-qanuni erməni birləşmələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuş 30 yaşlı baş leytenant Şəhriyar Əlibəylinin xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Şəhidin məzarı önündə çıxış edən məktəbin direktoru Rövşən Qasımov tarixi Qələbənin qazanılması uğrunda mübarizədə canlarından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını bildirib. Şəhid Şəhriyar Əlibəylinin timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Şəhriyar Əlibəyli 25 oktyabr 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. Orta təhsilini Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəbdə bitirib. Heydər Əliyev adına Hərbi Akademiyanın məzunu olan baş-leytenant Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şəhriyar Əlibəyli ölümündən sonra “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.