Şəhid Cavidan İbrahimlinin xatirəsi anılıb

Oktyabrın 19-da Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vətən müharibəsinin şəhidi - əsgər İbrahimli Cavidan Nizami oğlunun İkinci Fəxri xiyabanda məzarı ziyarət edilib, əziz xatirəsi yad olunub.
Tədbirdə məktəbin rəhbər işçiləri, kollektivi, şəhidin ailə üzvləri, şagirdlər iştirak ediblər. İştirakçılar tərəfindən Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını bildirən məktəbin direktoru Rövşən Qasımov 44 günlük savaşda qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şücaətindən danışıb. Vurğulayıb ki, bu zəfər torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından tarixi bir hadisədir. Direktor çıxışında bu qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandanımıza və qəhrəman hərbçilərimizə, şəhidlərimizə borclu olduğumuzu xüsusi olaraq vurğulayıb.
Mərasimdə məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Qeyd edək ki, İbrahimli Cavidan Nizami oğlu 236 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu - əsgər İbrahimli Cavidan Nizami oğlu (ölümündən sonra) dekabrın 15-i Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı, dekabrın 25-i isə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.