“Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 22-də məktəbin akt zalında “Uşaqlar bizim gələcəyimizdir” və “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Zaur Hacıyev, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Vasif Həsənov, Səbail Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, Respublika Narkoloji Mərkəzin klinik psixoloqu Leyla Qarayeva, məktəbin rəhbər və müəllim heyəti, yuxarı sinif şagirdləri iştirak ediblər.

Səbail Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan danışıb. Bildirilib ki, narkomaniya da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik hamı üçün eyni dərəcədə təhlükəlidir; o cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinin nəticələri barədə məlumat verən İdarə rəisi narkotacirlərə və narkotik istifadəçilərinə qarşı hüquq-mühafizə orqanlarının barışmaz mövqe sərgilədiyini də vurğulayıb. Daha sonra Respublika Narkoloji Mərkəzin klinik psixoloqu Leyla Qarayeva yeniyetmələri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb. Çıxış edən digər qonaqlar son illər ölkəmizdə narkotik vasitələr və onların prekursorlarına qarşı mübarizə tədbirlərinin gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da fəallığının artdığını bildiriblər.

Sonda narkomaniyanın fəsadlarından, bu bəlaya düçar olan şəxslərin acınacaqlı həyatından bəhs edən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi