"Kiçik Akademiya"nın təsis edilməsi ilə bağlı ilk iclas keçirilib
28 fevral 2019-cu il tarixdə 236 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın təsis edilməsi ilə bağlı ilk iclas keçirilib.
İclasda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor muavinləri, metodbirləşmə rəhbərləri və fənn müəllimləri iştirak ediblər.
236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev çıxış edərək Azərbaycan Respublikasının təhsil nazirinin 21.01.2008-ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik Akademiya" haqqında əsasnamənin tələblərini müəllim heyətinin nəzərinə çatdırıb. Həmçinin “Kiçik Akademiya”nın məqsəd və vəzifələri, struktur və fəaliyyət istiqamətləri, təsis olunması və idarəetmə orqanları haqqında geniş məlumat verib. O, qeyd edib ki, “Kiçik Akademiya”nın yaradılması yaradıcı və tədqiqatçılıq bacarıqları olan müəllim və şagirdlərin fəaliyyətini situmullaşdıran vasitə olacaq, digər tərəfdən istedadlı şagirdlərin elmi dünyagörüşünün və öz potensialını artırmağa daha əlverişli şərait yaradacaq. Fənn müəllimləri də öz növbəsində məktəbdə “Kiçik Akademiya”nın yaradılmasının həm şagirdlərin böyük marağına səbəb olacağını, həm də müəllimlərin istedadlı şagirdlərlə iş birliyinin formalaşmasında böyük əhəmiyyəti olduğunu bildiriblər.
Müzakirələrdən sonra "Kiçik Akademiya"nın şurası seçilib. Şuranın tərkibinə “Kiçik Akademiya” haqqında əsasnamənin 7.2- ci bəndinə uyğun olaraq "Kiçik Akademiya"nın prezidenti, onun muavinləri və bölmə rəhbərləri daxil edililərək şuranın adlı siyahıdan ibarət tərkibi elan olunub. Beləliklə, şuranın tərkibi sadə səsvermə yolu ilə aşağıdakı kimi təsis olunub.
Məktəbin biologiya müəllimi İradə Axundova "Kiçik Akademiya"nın prezidenti, kimya müəllimi Mehparə Musayeva və tarix müəllimi Rövşanə İsmayılova vitse-prezidentlər seçilib. Riyaziyyat müəllimi Şəhla Novruzova riyaziyyat-iformatika üzrə, tarix müəllimi Rövşanə İsmayılova humanitar sahə üzrə, ingilis dili müəllimi Nurlanə Məlikova xarici dillər üzrə, fizika müəllimi Arzu Sadıqova təbiət fənləri üzrə, texnologiya müəllimi Bəyim Qarayeva və Nailə Fataxova texniki sahə üzrə, Azərbaycan dili müəllimi Sima İmaməliyeva bölmə rəhbərləri təyin olunub.
Bundan sonra “Kiçik Akademiya”nın şurası əsas fəaliyyət istiqamətlərini müəyyən edərək iş planlarını müzakirə edib. Eyni zamanda bölmə rəhbərlərinə könüllü və istedadı ilə fərqlənən şagirdlərdən ibarət fəal üzvlərin cəlb olunması və bu istiqamətdə müvafiq lazimi tədbirlərin yerinə yetirilməsi tapşırılıb.
236 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın yaradılmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması, yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, məktəblilərin müasir tədqiqat metodlarına yiyələnməsi,"Kiçik Akademiya"ya üzv olan fəal şagirdlərin hədəf və məqsədlərinin reallaşdırılması istiqamətində peşəkar müəllimlərin köməyindən istifadə və eyni zamanda ali və orta təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.
236 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının tərtib olunmuş loqosu məktəbin “Kiçik Akademiya” üzvlərinə təqdim olunub.