“İngilis dili biliciləri” adlı yarış təşkil olundu
Pedaqoji heyətin fəaliyyət planına uyğun olaraq 5-9-cu siniflər arasında “İngilis dili biliciləri” adlı yarış təşkil olundu. Layihənin həyata keçirilməsinə məktəb direktoru Günel Fətəliyeva, direktor müavini Günel İsmayılova, xarici dil metodiki birləşməsinin sədri Nərminə Cabbarova və ingilis dili müəllimləri Kəmalə Şamilova, Mahirə Məmmədova, Mina Həsənli və Sevinc Məmmədova rəhbərlik ediblər. Yarışın məqsədi ingilis dilinin tədrisinin vəziyyətini yoxlamaq və bu fənn üzrə istedadlı şagirdləri üzə çıxarmaqdır. Layihə 4 mərhələdə keçirilib.
Birinci mərhələ “Lüğət mərhələsi” adlanıb. Bu mərhələdə şagirdlər cari tədris ili ərzində öyrəndikləri sözləri yazıblar. Ən az 20 düzgün söz yazan şagirdlər növbəti mərhələyə keçmək hüququ qazanıblar. İkinci mərhələ “Mətn üzrə iş mərhələsi” olub. Bu mərhələni uğurla başa vuran şagirdlər növbəti mərhələdə dinləyib-anlama və dil qaydaları üzrə test tapşırıqlarını yerinə yetiriblər. Sonuncu mərhələ isə “İnşa mərhələsi” olub. Finala çıxan şagirdlər yazı qabiliyyətlərini nümayiş etdiriblər. Qalib şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub və onlara may ayında tarixi muzeylərə ekskursiyaların təşkil ediləcəyi bildirilib.