"Ruhlara sərinlik gətirən mütaliə" layihəsinə start verildi
Şagirdlərin asudə vaxtının və yay tətilinin səmərəli təşkili baxımından əhəmiyyətli tədbirlər keçirilir
"Məktəbin informatika müəllimi Pəri Əhmədova və kitabxana müdiri Aytən Məmmədova "Ruhlara sərinlik gətirən mütaliə" layihəsinə start verdi.Bir həftə davam edən marafonda əvvəlcə bir neçə bədii kitab təklif edildi.Şagirdlərin daha çox marağını cəlb etdiyi üçün Norveç yazıçısı Klaus Haqerüpün qələmə aldığı "Kitabları xilas etmək istəyən qız" kitabının mütaliəsinə və daha sonra müzakirəsinə qərar verildi.Onlayn şəkildə keçirilən görüşdə şagirdlər kitabın mövzusunu, məzmununu, ideyasını, əsərdəki obrazlara münasibətlərini ifadə etdilər.
24 iyul tarixində məktəbin oxu zalında keçirilən yekun bədii diskusiyanı giriş sözləri ilə açan Pəri müəllim kitabların insan həyatında rolu, onların şagirdlərin nitq ehtiyatının formalaşmasına və dünyagörüşünün artırılmasına təsirindən danışdı.Daha sonra Aytən Məmmədova əvvəlcədən tərtib olunmuş suallar əsasında əsərin bədii təhlilini təqdim etdi.Ədəbiyyat müəllimi Kəminə Zalova şagirdlərə mütaliə vərdişlərinin formalaşdırılması barədə öz peşəkar tövsiyələrini səsləndirdi. Şagirdlərin fəal müzakirəsindən sonra məktəbin direktoru Günel Fətəliyeva və təşkilatçı müavin İsrafil Hüseynov layihə haqda düşüncələrini dilə gətirib mütaliənin şagirdlər üçün faydalarını bir daha vurğuladılar.Növbəti mərhələdə məktəbin İKT vasitələrindən istifadə edərək əsər barədə "Kahoot" platformasında yarış keçirildi.Fəallığı ilə seçilən 6"B" sinif şagirdi Nilay Hüseynzadə mükafatlandırıldı.