"Dilimiz -Varlığımız" adlı tədbir keçirildi
Hər bir xalqın ən vacib milli dəyəri sayılan, milli simanı səciyyələndirən mühüm amil kimi dili təbliğ etmək hər bir məktəbin fəaliyyətinin əsas tərkib hissələrindəndir. Məktəbimizdə də bu xətt həm tədris sahəsində, həm də ictimai tədbirlərdə daim qorunur. Şagirdlərə doğma dili qorumağın ən gözəl yolunun həmin dilə mükəmməl yiyələnməklə bağlı olması fikri aşılanır.
Məktəbimizdə 21 Fevral Beynəlxalq Ana Dili Gününün hər il xüsusi bayram kimi keçirilməsi qeyd olunan fəaliyyətin tədqirəlayiq nəticəsi kimi qiymətləndirilə bilər. Ənənəyə sadiq qalaraq bu il də "Dilimiz- Varlığımız" adlı tədbirdə məktəb kollektivi bu tarixi günü təntənəli surətdə qeyd etdi. Məktəbin direktor əvəzi Günel İsamayılova, UBR Mədinə İskəndərova,Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəminə Zalova, Aysel Cəlilova, Şəbnəm Qafarova tərəfindən şagirdlərin tədbirdə aktiv iştirakını təmin etmək üçün ana dili və ədəbiyyat aylığı ilə bağlı tədbirlər planı tərtib olunarkən xüsüsi iş bölgüsü aparılmışdı. Buna uyğun olaraq məktəbin 5 A, 5 C, 7 A,7 B, 7C 9 A və 10 C şagirdləri maraqlı kompozisiyalar, səhnəciklər, bədii qiraət nümunələri təqdim etdilər. Doğma dildə nümayiş etdirilən təqdimatlar tamaşaçıların böyük marağına səbəb oldu.
Məktəbin musiqi müəllimi, 2012- ci ildə Özbəkistanda keçirilən Beynəlxalq Musiqi Festivalının iştirakçısı, uğurlu iştirakına görə fəxri fərman və özbək milli geyimi ilə təltif olunmuş Vüsalə Şükürovanın məktəb şagirdləri ilə hazırladığı maraqlı musiqi nömrələri tədbirə xüsusi rəng qatdı.