Gələcək karyeramızı birlikdə quraq
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin texnologiya müəllimi Hüseynova Rühəngiz 8 və 9-cu siniflərdə təhsil alan şagirdlər ilə birlikdə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya təşkil etdi. Peşə Təhsili Mərkəzində şagirdlərimizi mərkəzin direktor müavini Nuranə xanım qarşıladı və mərkəz haqqında geniş məlumat verdi. Şagirdlər Mərkəzdə tədris olunan peşələr haqqında məlumat aldılar. Mərkəzdə müxtəlif peşələr tədris olunur: aşbaz, dərzi, mühasibat uçotu, turizm təşkilatçısı, dizayner, kargüzar, kompüter operatoru, sığorta işçisi və s. Daha sonra şagirdlər dərs otaqları və istehsalat sahələri ilə tanış oldular. Mərkəzin böyük işıqlı idman zalını və kitabxananı ziyarət etdilər, kitabxanada yerləşən yeni kitablar ilə tanış oldular. Peşə Təhsili Mərkəzi şagirdlərdə böyük maraq hissi yaratdı və mərkəzdə tədris olunan bir çox peşələrdə təhsil almağı arzu etdilər.