"Qəhrəmanlıq səlnaməsinin müəllifi-şəhidimiz" adlı tədbir keçirildi
Məktəbimizin şagirdi olmuş II Qarabağ müharibəsi şəhidi Səbuhi Orucovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlıq səlnaməsinin müəllifi-şəhidimiz" adlı tədbir keçirildi. 20.01.1993-cü ildə anadan olan Səbuhi Orucovun doğum günü ərəfəsində təhsil aldığı məktəbdə belə bir tədbirin keçirilməsi "Şəhidlər unudulanda ölürlər" devizi ilə yaşayan xalqımızın qəhrəman övladlarına sonsuz sevgisini ifadə edirdi. Tədbirdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Böyük məsləhətçi Aslan Dəniz, şəhid İbrahimin valideynləri, şəhid Mehdinin anası, məktəbin adını daşıyan şəhid Dilavər Məmmədzadənin qızı İranə və Suraxanı Rayon YAP - nın təşkilat sədri Vüqar Seyidov, şəhid Səbuhi Orucovun sinif yoldaşları, qonşuları da iştirak edirdilər.
Bədii hissədə şəhid Səbuhi Orucovun adını daşıdığı 2"A" sinifin, 5"B",6"B",8"A" sinif şagirdlərinin təqdim etdikləri kompozisiyanın nümayişi zamanı duyğulu anlar yaşandı.
Səbuhi ilə bağlı xatirələrini danışan müəllimlər onun vətənpərvər ruhda böyüdüyünü, hələ aşağı siniflərdən hərb sənətinə böyük maraq göstərdiyini vurğuladılar.
Şəhidin anası Narınc xanım tədbir təşkilatçılarına minnətdarlığını bildirməklə yanaşı, Səbuhinin 232 saylı məktəblə xüsusi mənəvi bağlarının olduğunu qeyd etdi.
Tədbirin keçirildiyi zalda şəhidin döyüş fəaliyyəti və şəxsi həyatında istifadə etdiyi bəzi əşyalar sərgiləndi, maraqlı videoçarxlar nümayiş olundu.