“28 May – Respublika Günü”nə həsr olunmuş tədbir keçirildi

            24 may 2019-cu il tarixində 28 May – Respublika Günü əlaqədar olaraq tədbir  keçirildi. Tədbiri giriş sözü ilə açan direktor əvəzi Seymur Yusibov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu, imperiyaların yıxıldığı bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi öz adını şanlı tariximizə həkk etdirmişdir. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.”

            Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunan Seymur Yusibov qeyd etdi ki, aprel döyüşlərində düşmənə ağır zərbə vuran Azərbaycan mənfur qonşularımızı yenidən sülh danışıqları masası arxasına oturmağa məcbur etmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, özü də tezliklə həll olunacaqdır. Hərb və ya sülh yolu ilə - bu artıq təcavüzkar Ermənistanın seçimidir.

            Biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Azərbaycanın uğurları demokratiyanın inkişafının və möhkəmlənməsinin əyani sübutudur. Seymur Yusibov qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə  gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.

            Bayram tədbiri 28 May – Respublika Gününə həsr olunmuş konsert proqramı ilə davam etdi.

            Sonda fərqlənən şagirdlərə məktəbin rəhbərliyi  tərəfindən sertifikatlar təqdim  edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi