Şagirdlərimiz "Ölkəmizi tanıyaq" devizi altında tur-aksiyada iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir. 23 mart 2017-ci il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin 27 nəfər əlaçı şagirdi üçün Naxçıvan Muxtar Respublikasına ekskursiya təşkil olundu. Tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Pirallahı məktəbliləri martın 26-da geri döndülər. Bu tur-aksiyada bizim məktəbin 3 nəfər X sinif şagirdləri Qaracayeva Gülarə, Hüseynov İbrahim, Qurbanov Gülbala iştirak edirdilər.
Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ümummilli Liderə məxsus geyim və şəxsi əşyalarla tanış olublar. Tur-aksiya iştirakçıları, həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Gənclər Mərkəzi, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Avtomobil Zavodu, Naxçıvan şəhərində fəaliyyət göstərən səhiyyə və sənaye müəssisələri ilə tanış olublar. İştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik qədim Ordubad rayonuna da səfər edib, tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar. Bakı məktəbliləri Naxçıvan, Ordubad şəhərlərinin, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olublar.
Qeyd edək ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarını Heydər Əliyev Beynəlxalq Hava Limanında gözləmə zalında Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri qarşılayıblar. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov səyahətdən qayıdan şagirdlərin tur barədə təəssüratlarını dinləyib onlara təhsillərində uğurlar arzuladı.