Milli adət ənənələrimiz mövzusunda silsilə tədbirlər

11 Mart 2025-ci il tarixində 231 nömrəli tam orta məktəbin və Gürgan Mədəniyyət evinin təşkilatçılığı ilə "Yel çərşənbəsi" adlı bayram tədbiri təşkil edildi.Tədbirdə məktəbin müvəqqəti direktor əvəzi Bakir Məmmədov, Pirallahı rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak etmişdir. Xalq arasında dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlı olan Yel çərşənbəsinə həsr olunmuş tədbirdə bayram tonqalı qalandı. Tədbirdə torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri təqdim olundu. Məktəbin şagirdlərinin səhnələşdirdikləri keçəl, kosa və bahar qızının gözəl və şən zarafatları tamaşaçılarda xoş bayram ovqatı yaratdı.
14 Mart 2025-ci il tarixində məktəbin kitabxana müdiri Zəhra Bayramova və UBTR Günel Cəbrayılovanın təşkilatçılığı ilə Novruz bayramının "Unudulmuş oyunları" mövzusunda VII sinif şagirdləri ilə söhbət aparıldı. Novruz bayramı zamanı oynanılan bir çox ənənəvi oyunlar zaman keçdikcə unudulur. Lakin bəzi bölgələrdə hələ də yaşadılan bu oyunlar bir zamanlar bayramın əsas əyləncələrindən biri olub. Unudulmuş və ya az bilinən Novruz oyunlarından bəziləri haqqında şagirdlər məlumatlandırıldı.