Şanlı Zəfərimizin Kəlbəcər zirvəsi - 25 Noyabr

Azərbaycanın ən gözəl və əzəmətli bölgələrindən biri olan Kəlbəcər öz qədim tarixi, abidələri və əsrarəngiz təbiətilə başdan-başa bir möcüzədir. Dağlarla əhatə olunmuş bu yurd yüksək zirvələri, təmiz havası, sərin suları ilə hər kəsi özünə çəkir. Heyrətamiz gözəlliyi insanda dahi bir rəssamın əl işini canlandıran bu bərəkətli torpaqlar Allahın Azərbaycana bəxş etdiyi böyük bir hədiyyədir. Bu bölgə yalnız təbii sərvətləri ilə deyil, eyni zamanda xalqımızın mədəni irsinin ayrılmaz bir hissəsi olan tarixi abidələri və əsrlər boyu yaşadılan milli dəyərləri ilə də diqqəti cəlb edir. Mənfur qonşularımız Azərbaycanın digər əraziləri ilə yanaşı hər bir cəhətdən zəngin olan Kəlbəcərimizə də əsrlər boyu göz tikmişdir.

1993-cü ilin soyuq baharında düşmən kənar qüvvələrdən də aldığı köməklə öz çirkin “arzusuna” çatdı və  Kəlbəcər düşmən işğalına məruz qaldı. O günlərdə Kəlbəcərin füsunkar dağları qara dumana büründü. Ev-eşiklərini tərk edən insanların ağrı dolu fəryadı dağlarda əks-səda verirdi. Bu işğal sadəcə soyqrımlarlarla, sakinlərin öz yurdlarından didərgin salınması ilə, ev-eşiklərinin talan olunub yandırılması ilə yekunlaşmadı. Kəlbəcər işğal altında olduğu dövrdə mənfur düşmənlərimiz öz qeyri-insani xislətlərini davam etdirərək 30 ilə yaxın müddət ərzində işğal altında olan bütün torpaqlarımız kimi burada da qədim məbədlərin, tarixi abidələrin, daş kitabələrin bir çoxunu məhv etdi, digərlərini isə özününküləşdirmək üçün saxtalaşdırdı. Meşələr yandırıldı, bulaqlar çirkləndirildi, ekoloji çirklənməyə məruz qaldı. Cənab Prezidentimiz İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi dünyada ədalət deyib hayqıran bir çox Dövlət və Təşkilatlar bu insani və ekoloji terrora qarşı səssiz qaldılar, Ermənistanı cəzalandırmaq əvəzinə onların bu terroru davam etdirməsi üçün onlara zaman qazandırdılar. Ümummilli Liderimiz Heydər Əliyev və onun davamçısı Cənab Prezidentimiz İlham Əliyev illər ərzində sülh və ədalət çağırışları etsə də, düşmənlərimiz və onların havadarları bu səsi eşitməmək üçün daima danışıqlardan yayındılar. Və Ali Baş Komandandan ən sadə vətəndaşa kimi hər kəsin səbri tükəndi . . . 

Nəhayət, vaxt-vədə yetişdi. Hər bir günü bizi şanlı Zəfərə aparan 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi təcavüzünə uğramış, 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti və rəşadətli ordumuzun düşmənin canına saldığı qorxu nəticəsində Kəlbəcər rayonu döyüşsüz azad olundu. Bu, Azərbaycanın hərbi gücünün və diplomatik qətiyyətinin bariz nümunəsi idi. Kəlbəcər rayonunun düşmən işğalından azad olunmasından sonra Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Artıq yeni dövr başlamışdır. Cənab Prezidentimizin də dediyi kimi artıq bölgədə yeni reallıqlar var və həm məğlub düşmənlərimiz, həm də onların havadarları bu reallıqla barışmağa məcburdur. Artıq bölgədə söz, həm hərbi, həm diplomatik, həm də iqtisadi gücünü göstərmiş Azərbaycanındır. Azərbaycan öz torpaqlarında sürətli quruculuq işləri görür, mədəni və tarixi abidələrimiz bərpa olunur, gediş-gəlişin asanlaşdırılması üçün yollar, körpülər və tunellər salınır, neçə illərin həsrəti olan Kəlbəcərin İstisuyu artıq süfrələrimizi bəzəyir, flora və fauna bərpa olunur, sakinlərin öz yurdlarına qayıdıb rahat yaşamaları üçün bir sıra binalar və evlər tikilir, yaşıl dünya naminə yeni salınan yaşayış məntəqələrində Kəlbəcərin zəngin yaşıl enerji mənbələrindən istifadə edilir. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib və bu plana əsasən işlər davam etdirilir.

Cənab Prezident İlham Əliyevin göstərişi ilə bundan sonra mənfur düşmənə qarşı daha güclü olmaq və onların səbəb olduğu maddi və mənəvi dağıntılara bir daha məruz qalmamaq üçün ordumuz, iqtisadiyyatımız və diplomatik əlaqələrimiz daha da gücləndirilir. Hər bir azərbaycanlı  daha güclü olmaq üçün əlindən gələni etməlidir. Biz müəllimlər və şagirdlər isə öz elmimiz və biliyimizlə daha güclü olaraq elm və texnologiya əsrində düşmən qarşısında hər zaman olduğu kimi öz sözümüzü deməliyik. Şəhidlərimizin canı və qanı bahasına azad edilmiş torpaqlarımızı qorumalı və inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Məktəbin Azərbaycan dili müəllimi İzmira İsgəndərova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi