25 NOYABR – KƏLBƏCƏR ŞƏHƏRİ GÜNÜ
Kəlbəcər – adı qədim türk dilində “çay üstündə qala” mənası daşıyan, Azərbaycanın ən yüksək dağ rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 3054 kv. km. təşkil edir və bu ərazinin çox hissəsi meşəlikdir. Çox qədim tarixə malik olan Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmişdir.
1993-cü il 2 aprel tarixində Kəlbəcər rayonu Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
1993-cü ildə 30 aprel tarixində BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi qəbul edilmişdir. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, rəsmi İrəvan bu Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar da onun icrasını tələb etmədi. Bütün bunlar az deyilmiş kimi, Ermənistan tərəfindən BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına başlanıldı.
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamlarına əsasən Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş və bu sərəncama uyğun olaraq 25 noyabr - Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunmuşdur.
Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə erməni vandalizmini bir daha beynəlxalq ictimaiyyətin gözləri önünə sərdilər. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
İşğaldan azad edilmiş bölgələrimizə qayıdış məqsədilə Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanmışdır. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaqdır. Hal-hazırda rayonun Yanşaq, Zallar, Zar kəndlərinin və ümumilikdə, bölgə infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi işləri davam etdirilir.
Bölgənin enerji ehtiyatlarından səmərəli istifadə məqsədilə Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası və rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulmuşdur. Prezident İlham Əliyev rayon ərazisində aparılan yenidənqurma işləri tanışlıq və təməlqoyma mərasimlərini həyata keçirmək üçün Kəlbəcərə mütəmadi səfərlər təşkil etməkdədir.
Kəlbəcər rayonunda aparılan bərpa işləri sürətlə davam etməkdədir. İllərdir erməni vandallarının caynağı altında öz xalqının ayaq izlərinə həsrət qalan bu cənnət məkan, nəhayət, layiq olduğu qayğıya qovuşdu. Əminliklə demək olar ki, çox qısa müddət ərzində Kəlbəcər rayonu Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevriləcək və ölkənin göz bəbəyi olacaqdır.
Məktəbin Azərbaycan dili müəllili Nəzrin Əlişova