1 İYUN-UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜDÜR

213 №-li məktəb-liseydə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı məktəbin həyətində şagirdlər tərəfindən asvalt üzərində rəngarəng təbaşirlərlə sərbəst rəsmlər çəkildi.
Sonra “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi. Qonaqları salamlayan ibtidai sinif müəllimi Fəxriyyə müəllimə tədbirin proqramı haqqında məlumat verərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir və tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Sonda uşaqları təbrik edən məktəb-liseyin direktoru Həyat müəllimə bildirib ki, beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. Uşaqların bütün hüquqları əhəmiyyətlidir. Uşağın yaşamaq hüququ, habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur.