FƏXRİMİZ

ƏSGƏR XATİRƏSİ ÜRƏKLƏRDƏ YAŞAR

 

1968-ci il mayın 30-da Davud kişinin ailəsində ikinci oğul-Müşviq dünyaya gəldi. O, ömrünün 7 ilini əsgəri xidmətdə, müharibədə keçirdi. 1986-cı ildən şəhid olduğu günədək əsgər geyimini əynindən çıxarmadı...

Çoxlarının tanıdığı və tanıyanların unuda bilmədiyi Müşviq əvəzsiz, qiymətsiz oğul idi. Müşviqin döyüş yolu Qazaxın Əskipara və Kəmərli kəndlərindən başlayıb. 1991-ci il aprel ayının 6-da Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup əməkdaşı ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu, Quşçu, Armavir kəndlərində erməni silahlı dəstələrinin zərərsizləşdirilməsində yaxından iştirak etmişdir.

  Aprel ayının 28-dən mayın 9-na dək Müşviq və silahdaşları Çaykəndin erməni quldurlardan təmizlənməsi ilə bağlı əməliyyata cəlb olundu. Bu çətin və təhlükəli əməliyyatda 2 erməni onun gülləsinə tuş oldu. Son dərəcə igidlik, təmkin, cəsarət tələb edən bu əməliyyatlardakı qələbəsi onu daha məsuliyyətli tapşırıqlara ünvanladı. İyun ayının 5-dən Goranboy bölgəsində döyüşərək 5 erməni qatilini məhv etdi.

  1991-ci ilin oktyabrında Cəbrayıl və Füzuli şəhərlərinin müdafiəsi zamanı Müşviq ayağından yaralanır. Qısa müalicədən sonra Şuşaya ezam olunur. Ayağındakı kəskin ağrıları bildirməyərək Daşaltı əməliyyatda iştirak edir. Bu döyüşdə şəxsən özünün idarə etdiyi zirehli maşında bir neçə erməni məhv etmiş, onlarla əsgərimizə dayaq olmuşdur.

  13 dekabr 1993-cü il. Daxili Qoşunların Baş İdarəsi eşitdiyi xəbərdən sarsıldı: leytenant Müşviq Orucov Füzuli ətrafında gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi qəlpələrindən yaralanaraq həlak olmuşdur. İgidliyinə, cəsarətinə güvəndiyi, arxalandığı bu oğulun itkisi onu tanıyanların hamısını yandırıb yaxdı. Heç kəs bu xəbərin doğruluğunu qəbul edə bilmirdi. Müşviq onu tanıyanları nəzərində heç bir güllənin, ölümün qalib gələ bilməyəcəyi oğul idi.

  Azərbaycan ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olmuş Müşviq Orucovun Sabunçu rayonundakıdakı 213 №-li məktəb-liseydə qoyulmuş büsdü qarşısında düşüncələr

  

İki Müşviq səs salıbdır bu doğma yurda

Biri silah işlədibdir, o biri qələm

Onlar elə atılıb ki, alova-oda

Yanqısına, istisinə qızınır aləm.

 

Ömrləri yetməsə də heç otuz yaşa

Əməlləri bəs eyləyər bəlkə yüz ilə

Azadlığı boğanlarla girib savaşa

Bir şərəfli ad qoyublar obaya-elə.

 

Heç kimsəyə əyilməyib şair Mikayıl

Öz şeirinə imza seçib”Müşviq” sözünü

Hay salıb ki, ey millətim, silkələn, ayıl

Duman qatı bağlamasın sənin gözünü!.......

 

  Məzar evin nurla dolsun, Müşviq!  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi