Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri
26.02.2025-ci il tarixində məktəbdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir musiqi fənn müəllimi Şəlalə İsmayılova tərəfindən hazırlanmış və məktəbin direktoru, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə baş tutmuşdur. Tədbir Xocalı faciəsində və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla anılması ilə başladı. Daha sonra 8 “B” sinif şagirdlərinin ifasında “Tarixin Xocalı dərsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Bu kompozisiya şagirdlərə Xocalı soyqırımının dəhşətlərini daha dərindən dərk etməyə və tariximizi unutmamağa çağırış oldu. Tədbirdə şagirdlər tərəfindən hazırlanmış "Tarixin izi ilə" adlı videoçarx nümayişi isə Azərbaycan xalqının tarixinə qanla yazılmış bu faciənin ağrılı izlərini və eyni zamanda xalqımızın mətinliyini əks etdirdi.
Sonda söz məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevə verildi. O, çıxışında Xocalı faciəsinin xalqımızın yaddaşından silinməyəcəyini vurğulamaqla yanaşı, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfəri qeyd etdi: "Biz bu gün bir qarış torpağımızı belə düşmən tapdağında qoymamışıq! Xocalı azaddır! Bütün Qarabağ azaddır! Azadsan, ey Vətən!" - deyə o, çıxışını qürur hissi ilə tamamladı. Bu tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı qurbanlarını yad etməklə yanaşı, şagirdlərə tarixi həqiqətləri çatdırmaq, onların milli ruhunu gücləndirmək, vətənpərvərlik hissini dərinləşdirmək və Azərbaycanın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə ötürmək idi.