Pedaqoji Şuranın növbəti iclası keçirilib

Fəaliyyət Planına uyğun olaraq, 12 fevral tarixində məktəbdə Pedaqoji Şuranın 2024-2025-ci tədris ilinin birinci yarımilinin yekunlarına həsr olunmuş növbəti iclası keçirildi. İclası məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev açaraq gündəlikdəki məsələlər barədə məlumat verdi və tədris prosesinin inkişafı üçün kollektivin hər bir üzvünün üzərinə düşən məsuliyyətə diqqət çəkdi. İclasın davamında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Valeh Qasımov, Afaq Hacıyeva və Şəfəq Balıyeva çıxış edərək yarımil ərzində həyata keçirilmiş monitorinqlərdən, ibtidai və yuxarı siniflər üzrə yekun qiymətləndirmələrin nəticələrindən bəhs etdilər. Tədris keyfiyyətinin artırılması üçün görülən işlər, nailiyyətlər və qarşıya çıxan problemlər barədə geniş hesabatlar təqdim olundu. Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Solmaz Əhmədova yarımil ərzində məktəbdə keçirilmiş tədbirlərdən, o cümlədən məktəbdaxili nizam-intizamın təmin edilməsi, şagirdlərin davamiyyəti və məktəbdəki ümumi mühitin sağlamlaşdırılması istiqamətində görülmüş tədbirlərdən danışdı. Məktəbin psixoloqu Şəbruz Babayeva isə öz çıxışında müasir dövrün vacib problemlərindən biri olan bullinq mövzusuna toxundu. O, bullinqin məktəb mühitində şagirdlərə mənfi təsirlərindən danışaraq, onun aşkar edilməsi yolları və qarşısının alınması istiqamətində müəllimlərin edə biləcəyi tədbirlər barədə geniş məlumat verdi. Psixoloq, şagirdlər arasında empatiya və qarşılıqlı hörmətin artırılmasının bullinqlə mübarizədə mühüm rol oynadığını vurğuladı. Sonda məktəbin direktoru Rəhman Hacıyev qarşıda duran vəzifələrdən bəhs edərək tədris prosesinin daha səmərəli təşkili, nizam-intizamın möhkəmləndirilməsi və ümumi məktəb mühitinin inkişaf etdirilməsi üçün kollektivə bir sıra tövsiyələrini verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi