Səyahətin son zirvəsi

14.06.2025-ci il tarixdə bütün ümumtəhsil müəssisələrində olduğu kimi 18 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, daha sonra isə Vətənin azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Səhnəyə dəvət olunan 11-ciləri təbrik etmək üçün söz məktəbin direktoru leyla xanım Fətiyevaya verildi. L. Fətiyeva öz çıxışında bildirdi ki, Son zəng bir dövrün bitdiyini deyil, yeni bir həyatın başlandığını xəbər verir, bu gün 18 nömrəli məktəbdə bir zamanlar başlanmış hekayənin son səhifəsini birlikdə oxuyuruq. O, məzunlara uğurlar arzulayaraq nitqini başa çatdırdı. 11-cilərin çıxışları maraqla izlənildi. Sonda tədbirin rəmzi olan "Son zəng" çalındı.
18 sadəcə bir məktəb deyil, neçə-neçə ədiblər, şəxsiyyətlər yetişdirən, onları xalqımıza, cəmiyyətimizə qazandıran 11 illik həyat yoludur. Bu yoldan keçən hər kəs mütləq uğura nail olur. Məzunlarımızı təbrik edir, səslərinin daim yüksəklərdən gəlməsini, dünyanın hansı nöqtəsində olmaqlarından asılı olmayaraq, ölkəmizi, xalqımızı, eləcə də məktəbimizi layiqincə təmsil etmələrini arzu edirik. Yolunuz açıq olsun, əziz 11-cilər!