Mikayıl Müşfiq (tam adı: İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).
Məktəb fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur. Məktəb Mikayıl Müşfiqin adını daşıyır.
Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunmuşdur. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.
Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda repressiya dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulmuşdur.