“Yaşıl planet və gələcəyin mütəxəssisləri” mövzusunda məktəb konfransı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində və "Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi" ekoloji maarifləndirmə proqramı üzrə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Yaşıl planet və gələcəyin mütəxəssisləri” mövzusunda məktəb konfransı keçirilib. “Ekoerudit” ekoklub üzvlərinin təşəbbüsü ilə keçirilən konfransın məqsədi milli-mənəvi dəyərlərə, qanunun aliliyinə əsaslanan cəmiyyətin gələcək qurucuları olan şagirdlərə vətənpərvərlik, humanizm ideyalarını, ətraf mühitə məsuliyyətli, təbii ehtiyatlara şüurlu münasibəti aşılamaq, dövlət suverenliyinin qorunmasında fəal həyat mövqeyi formalaşdırmaqdır. Gələcəyin mütəxəssisləri olan ekoklub üzvləri hüquqşünas, psixoloq, iqtisadçı, müəllim, həkim, dizayner, proqramist, kulinar və kapitan kimi çıxış edərək müxtəlif sahələr üzrə ekoloji problemlərin həllində fəaliyyət imkanları barədə danışıblar. Yaşıl təhsilin, ekoloji mədəniyyətin, süni intellekt və müasir texnologiyaların ətraf mühitin mühafizəsində rolu, insanların sağlam ətraf mühitdə yaşamaq hüququ xüsusi qeyd olunub. Gənc ekoloqlar hazırladıqları “Yaşıl planet” maketini təqdim edərək, suyun, havanın, torpağın, bitki və heyvanat aləminin qorunmasına dair fikirlərini bildiriblər.
Konfransın fəxri qonağı, Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru, c.e.d. Şövqi Göyçaylı öz çıxışında ətraf mühitin qorunması, dayanıqlı inkişaf sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılmasının, qlobal iqlim dəyişiklikləri şəraitində planetar mühitin qorunmasının vacibliyini vurğulayaraq, şagirdlərə gələcəkdə cəmiyyətin fəal üzvləri və ölkəmizin layiqli vətəndaşları olmağı tövsiyə edib. Məktəbin direktoru Leyla Fətiyeva, ekoklubun rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini, b.ü.f.d. Lalə Dadaşova çıxış edərək Azərbaycanda uşaq hüquqlarının qorunması, uşaqların sağlam ətraf mühitdə yaşaması və təhsil alması üçün dövlət tərəfindən həyata keçirilən tədbirləri, ekoloji biliklərin təbliğində ekoklub üzvlərinin fəaliyyətini qeyd ediblər.