Ekoklub üzvləri Azərbaycanın qədim flora və faunası ilə tanış olublar
Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ekoerudit” ekoklubun üzvləri 31 yanvar 2025-ci il tarixdə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində ekskursiyada iştirak ediblər. Gənc ekoloqlar qış tətili günlərində muzeyin geologiya, paleontologiya və zoologiya şöbələrində nümayiş etdirilən zəngin minerallar kolleksiyası, ölkəmizin qədim flora və fauna nümunələri ilə tanış olublar. Ekoklubun rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini, b.ü.f.d. Lalə Dadaşova muzeyin zəngin ekspozisiyasını əks etdirən 120 milyon il yaşı olan ixtiozavr və balıq növləri, 25-30 milyon il əvvəl yaşamış 16 növ balinakimilər, dişli və adi quşlar, dəniz tısbağaları, 8-10 milyon il əvvəl yaşamış xortumlular, zürafələr, kərgədanlar, 1 milyon 500 il əvvəl yaşamış cənub fili, nəhəng maral, ibtidai öküz, mastodont, mağara şiri, bəbir, qədim atlar, dünyanın ən nadir tapıntılarından biri olan Binəqədi gölündə aşkar edilmiş dördüncü dövrün fauna və flora qalıqları barədə şagirdlərə ətraflı məlumat verib. Muzeyin qızıl fondunda saxlanılan dördüncü dövrə aid Azıx, Binəqədi, Pirəkəşkül, Mingəçevir kolleksiyaları, Naxçıvan Muxtar Respublikasının ərazisində tapılmış paleozoy erasının devon dövrünə aid 350-400 milyon illik nümunələr, "Qırmızı kitab"a daxil olan 20 heyvan növü, Azərbaycanın qədim biomüxtəlifliyi barədə məlumatlar gənc ekoloqlarda zəngin təəssürat yaradıb. Qədim dövrlərdə iqlim və landşaft dəyişmələri nəticəsində nəsli kəsilmiş növlərlə tanışlıq zamanı müasir canlı aləmin qorunmasının əhəmiyyəti bir daha vurğulanıb. Ekoklub üzvləri müasir canlıların gələcəkdə muzey eksponatına çevrilməməsi üçün iqlim dəyişmələrinin təsirinin azaldılması, canlıların yaşayış mühitinin, bioloji müxtəlifliyinin qorunması üçün səylərin artırılmasının vacibliyini müzakirə ediblər.