“Nizami Gəncəvinin əsərlərində sağlam həyat motivləri” mövzusunda dəyirmi masa
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Ekoerudit” ekoklub üzvlərinin təşəbbüsü ilə “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” ekoloji maarifləndirmə proqramı üzrə 24 dekabr 2024-cü il tarixində Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Nizami Gəncəvinin əsərlərində sağlam həyat motivləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin məqsədi dahi Azərbaycan şairi Nizami Gəncəvinin təbiət gözəllikləri, canlı aləmin qorunması, təbiətə qayğıkeş münasibət barədə humanist fikirlərinin, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, məktəblilərdə ətraf mühitin mühafizəsi, sağlam həyat, düzgün qidalanma, ekoloji təmiz qida məhsullarına dair bilik və bacarıqların formalaşdırılmasıdır. Dəyirmi masada məktəbin direktoru Leyla Fətiyeva, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəvanə Məmmədova çıxış edərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında suveren ölkəmizin dayanıqlı inkişafı yolunda əldə edilən nailiyyətləri, təbii sərvətlərin qorunması və səmərəli istifadəsinin vacibliyini, Nizami Gəncəvi irsinin, şairin müdrik fikirlərinin öyrənilməsinin əhəmiyyətini vurğulayıblar. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-ın direktor müavini, b.ü.f.d., ekoklubun rəhbəri Lalə Dadaşova öz çıxışında gənc nəsildə ekoloji dünyagörüşü və sağlam həyat tərzinin formalaşdırılmasında Nizami poeziyasının rolunu, yaşıl dünya və dayanıqlı inkişaf sahəsində məktəblilərin ekoloj bilik və bacarıqlarının artırılmasının vacibliyini qeyd edib. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Ekoerudit” ekoklub üzvləri və məktəbin V-VI sinif şagirdləri dahi şairin təbiət və insan münasibətlərinə, suyun və torpağın saflığına, sağlam qidalanmaya, su çatışmazlığı və quraqlığa, yaşıllıqların qorunmasına aid şeirlərini səsləndirərək, müasir “yaşıl dünya” ideyalarının Nizami Gəncəvi poeziyasında özünəməxsus yer tutduğunu şərh ediblər. Ekoklub üzvləri “Yaşıl məktəb yeməkxanası” nominasiyası üzrə məktəblilər arasında keçirilən sorğunun, uşaqların sağlam qidalanması üçün lazım olan məhsullar, kola, çipsi, enerjili içkilər kimi təhlükəli qidalar barədə aparılan təbliğatın nəticələri, sağlam qidalanma, immunitetin artırılması üçün faydalı ekoloji təmiz qida məhsulları haqqında ətraflı məlumatlar veriblər. Ekoklubun fəal üzvləri 7-ci sinif şagirdləri “Sağlam qidalanma, yoxsa təhlükəli “ləzzət”” adlı ekoloji səhnəcikdə düzgün qidalanmanın əhəmiyyətini və sağlamlığın zərərli qidadan qorunmasının vacibliyini diqqətə çatdırıblar. Tədbirdə ekoklub üzvlərinin təkrar istifadə edib, plastik qablardan hazırladıqları “səbət”lərdə məktəblinin düzgün qidalanması üçün faydalı ekoloji təmiz qida məhsulları nümayiş etdirilib və “Qida piramidası” barədə məlumat verilib.