44 günün 44 anı...

4 il öncə bu günlərdə böyük zəfərimizin astanasında idik... Həyəcan, sevinc, kədər qarışıq qürur hissi və hər an bir ümid, arzu ilə qalibiyyət xəbərini gözləyirdik. Qələbə xəbəri ilə illərdir həsrətdə olan gözlərimiz, nəhayət ki, vüsal göz yaşları içində bu sevinci qarşıladı.
18 nömrəli tam orta məktəb olaraq artıq 4 ildir silsilə tədbirlərimizlə şagirdlərimizin yaddaşına, ruhuna vətən sevgisini ömürlük həkk edirik. İbtidai və yuxarı siniflərdə mütəmadi olaraq maarifləndirici saatlar, toplantılar və dəyirmi masalar təşkil edilir.
Bu qəbildən olan silsilə tədbirlərdən biri də 05.11.2024-cü il tarixdə keçirilən "44 günün 44 anı" adlı dəyirmi masa idi. Tədbir V-IX sinif şagirdlərinin birgə layihəsi əsasında təşkil edilmişdi. Dəyirmi masaya qonaq qismində Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid anaları, şəhid ailələri dəvət olunmuşdu.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Fətiyeva qonaqları salamlayaraq, qazilərə tez zamanda sağlamlıqlarına qovuşmağı, şəhid ailələrinə isə səbr dilədi.
Daha sonra söz şagirdlərə verildi. Onlar da öz növbəsində, ədəbi-bədii kompozisiya ilə çıxış edərək qonaqlara Vətəni necə sevdiklərini, onun uğrunda sağlamlığından, canından keçənləri unutmadıqlarını nümayiş etdirdilər.
Sonda məktəbimizin şəhid məzunlarının barelyefləri önünə əklil qoyuldu, xatirə şəkli çəkildi.
Biz şəhidlərimizi unutmuruq, unutdurmuruq. Onların vətən torpağının hər bir qarışı üçün tökülən qanlarını, verilən canlarını, ən ali zirvəyə ucalmış adlarını daim qürurla xatırlayır, fəxarətlə anırıq!
Zəfərin mübarək, Azərbaycan!