“İqlim təsirlərini azaltmaq üçün nə etməliyik” mövzusunda ustad dərsi
Məktəbimizin “Ekoerudit” ekoklub üzvləri 4b sinif şagirdləri ilə birlikdə “İqlim təsirlərini azaltmaq üçün nə etməliyik” mövzusunda ekoloji maarifləndirmə tədbirində iştirak ediblər. “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində keçirilən tədbirdə ekoklub üzvləri təqdimatla çıxış edərək Azərbaycanda keçiriləcək COP29 Tərəflər Konfransının əhəmiyyəti, iqlim dəyişmələrinin səbəbləri, təbii fəlakətlərin canlı aləmə təsiri, istixana qazlarının azaldılması, enerjiyə və suya qənaət, tullantıların təkrar istifadəsi və yaşıllaşdırma işləri barədə məlumat veriblər. Ustad dərsində gənc ekoloqlar bilik və bacarıqlarını balaca dostları ilə bölüşərək plastik qablardan müxtəlif suvenirlərin və ləvazimatların hazırlanmasını əyani şəkildə nümayiş etdiriblər. 4-cü sinif şagirdləri böyük həvəs və maraqla yaradıcılıq işinə qatılaraq öz zövqlərinə uyğun maraqlı əl işləri hazırlayıblar. Uşaqların hazırladıqları suvenirlər, qələm qabları və güldanlar yaşıl dünya naminə plastik tullantıların azaldılmasına xüsusi töhfədir.