Ekoklub üzvləri iqlim dəyişmələrini öyrənirlər
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində və “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı üzrə Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri, “Ekoerudit”ekoklubun üzvləri Bakı Zooparkında ekskursiyada olmuşlar. Gənc ekoloqlar zooparkın zəngin bioloji müxtəlifliyi ilə tanış olaraq, müxtəlif həşəratlar, sürünənlər, amfibilər, quşlar və məməlilərin bioloji xüsusiyyətləri, ekoloji yaşayış mühiti, müxtəlif iqlim şəraitinə uyğunlaşması barədə ətraflı məlumat almışlar. Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində həyata keçirilən tədbirlər, iqlim dəyişmələrinin yaratdığı təbii fəlakətlərin heyvanlar aləminə təsiri, yaşayış yerini və qida mənbələrini itirən canlıların sayının tükənməsi, nadir növlərin nəslinin kəsilməsi təhlükəsi müzakirə edilmişdir. Ekoklub üzvləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “EkoSfera” Ekoloji-Sosial Mərkəzi tərəfindən təşkil edilən "Reels of Climate Nature" adlı aksiyaya qatılaraq “İqlim dəyişmələri və canlı aləm” mövzusunda qısa video çəkilişdə iştirak etmişlər. Uşaqlar qlobal iqlim təhlükəsi şəraitində iqlim dəyişmələrinin səbəbləri, istixana qazlarının azaldılması üçün yaşıllaşdırmada, enerjiyə və suya qənaət edilməsində, tullantıların azaldılmasında və təkrar istifadəsində, alternativ enerjinin istifadəsində hər kəsin iştirakının vacibliyi barədə dünyaya video mesaj ünvanlamışlar.