“İqlim dəyişiklikləri və biomüxtəliflik” Ekoklub üzvlərinin 4-cü sinif şagirdləri ilə görüşü
"Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi" proqramı çərçivəsində Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Ekoerudit” ekoklub üzvlərinin təşəbbüsü ilə "Yaşıl dünya naminə həmrəylik ili" və “Beynəlxalq biomüxtəliflik günü”nə həsr olunmuş təqdimatlar və interaktiv ekoloji oyunlar keçirilib. Ekoklub üzvləri məktəbin 4-cü sinif şagirdləri ilə görüşdə «İqlim dəyişiklikləri və biomüxtəliflik” mövzusunda təqdimatla çıxış edərək Yer üzərində bioloji müxtəlifliyin əhəmiyyəti, iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi (COP29), bitki və heyvanat aləminin qorunması, iqlim dəyişikliyinin təsirinin azaldılması tədbirləri barədə ətraflı məlumat veriblər. Gənc ekoloqlar kiçik dostlarına enerjiyə və suya qənaət edilməsində, tullantıların təkrar istifadəsi və azaldılmasında, yaşıl btkilərin artırılması və qorunmasında fəal iştirak etməklə yaşıl dünyamızı qorumağı tövsiyə ediblər. Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-ın əməkdaşları tərəfindən iqlim dəyışmələrinin azaldılması mövzusunda hazırlanmış “Sağlam mühit-sağlam gələcək” animasiya filmi nümayiş etdirilib.
“Heyvanları qoruyun” adlı interaktiv ekoloji oyun zamanı nadir və nəsli kəsilməkdə olan heyvan növləri haqqında xüsusi paylama kartları vasitəsilə məlumat verilib. Əyləncəli viktorinada uşaqlar böyük maraqla iştirak ediblər. “İqlim dəyişmələrinin qarşısını alaq” adlı interaktiv təcrübə işində ekoklub üzvləri plastik qabların sayını azaltmaq məqsədilə hazırladıqları xüsusi dibçəklərdə balaca dostları ilə birlikdə rozmarin, ətirşah, kalanxoy və digər otaq bitkilərini əkib, qulluq qaydalarını izah ediblər. 4-cü sinif şagirdləri plastik qablarda yaşıl dizayn vasitəsilə otaq bitkilərini artırmaqla evdə və sinifdə sağlam mühitin yaradılmasının əhəmiyyəti barədə məlumatlandırılıb. Sonra uşaqlarla “Aqrar biomüxtəliflik” adlı əyləncəli tampacalar müsabiqəsi keçirilib. Tapmacaları düzgün cavablandıran şagirdlərə meyvə, tərəvəz, bostan məhsulları hədiyyə edilib və ekoloji təmiz qida məhsulları haqqında məlumat verilib. Tədbirin sonunda bütün iştirakçılara Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ tərəfindən amfibilər, sürünənlər, su-bataqlıq quşları və nadir quşların bioloji müxtəlifliyinə aid xüsusi təyinedicilər hədiyyə edilib.