Azərbaycan Milli Xalça Muzeyinə “Ekoerudit” ekoklub üzvlərinin ekskursiyası
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən təsis olunmuş 18 may-Beynəlxalq Muzeylər Günü bu il “Muzeylər, təhsil və tədqiqat” devizi altında keçirilir. Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHN-nin təşkilatçılığı ilə 18-25 may 2024-cü il tarixlərində keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl muzey” adlı maarifləndirici interaktiv proqram üzrə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoerudit” ekoklub üzvləri 18 may 2024-cü il tarixdə Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada olublar. Gənc ekoloqlar kolleksiya fondunda müxtəlif dövrlərdə insanla ətraf mühit arasında tarixi münasibətləri və eko-etnoqrafik əlaqələri əks etdirən ekspozisiyanın ekoloji, davamlı inkişaf və etnoqrafik aspektləri ilə yaxından tanış olublar. Muzeyin kolleksiyasında saxlanılan xovlu və xovsuz xalçalar, məfrəş, xurcun, heybə və digər xalça məmulatları xalqımızın qədim mədəniyyətinin nümunəsi kimi diqqətə çatdırılıb. Ekskursiya zamanı Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixi, Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz xalçalarının kompozisiya və ornament müxtəlifliyi, Azərbaycan florasına aid 4500 bitki növünün 36%-ni təşkil edən boyaq bitkilərinin xalçaların rəng palitrasında istifadəsi barədə məlumat məktəblilərin böyük marağına səbəb olub.
Ekoklub üzvləri enerji effektivlik və ekoloji yönümlülük baxımından keçirilən monitorinq zamanı muzeydə yaradılan şəraitlə, ekspozisiyaların müasir avadanlığı, qənaətli işıqlanma texnologiyası, eksponatların qorunması və ekoloji təhlükəsizlik tədbirləri ilə tanış olublar. Müasir cəmiyyətdə elektrik enerjisinin və suyun qənaətli istifadəsi, tullantıların azaldılması, iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə cəmiyyətdə yaşıl düşüncənin formalaşdırılmasında muzeyin zəngin ekspozisiyasının xüsusi əhəmiyyəti qeyd olunub. Əsrarəngiz təbiət ornamentləri ilə qədim tariximizi əks etdirən və milli sərvətimiz olan xalçaların qorunmasının, qədim el sənətinin yaşadılmasının əhəmiyyəti bir daha vurğulanıb. Proqram üzrə məktəblilər tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən muzeylərə “Yaşıl status” sertifikatlarının təqdim olunması nəzərdə tutulur.c