Heydər Əliyev-101
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-siyasi potensialını qoruyub saxlaya bilmişdir. Ən yeni tariximizdə bu missiyanı dahi şəxsiyyət Heydər Əliyev üzərinə götürmüş və şərəflə, ləyaqətlə öhdəsindən gəlmişdir. Məhz Heydər Əliyev sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir. Heydər Əliyevin həyatı və fəaliyyəti nəhəng və qüdrətli məktəbdir.