Yaşıl dünya motivləri Mikayıl Müşfiqin poeziyasında
Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ekoerudit” ekoklubunun üzvlərinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” və 22 aprel-“Beynəlxalq Yer günü”nə həsr edilmiş “Yaşıl dünyanı birlikdə yaradaq!” mövzusunda ekoloji tədbir keçirilmişdir. “Ekoloji yönümlü və enerji effektli yaşıl məktəb” ekoloji proqramı üzrə ekoklub üzvlərinin hazırladıqları təqdimatlarda Azərbaycanın təbii ehtiyatlarının qorunması, Qarabağın “yaşıl enerji” zonası, alternativ enerji mənbələrinin istifadəsi, iqlim dəyişmələrinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermişlər. Məktəbimizin adını daşıdığı görkəmli şair Mikayıl Müşfiqin XX əsrin əvvəllərində yazdığı və petrolun (neftin) bir zaman tükənəcəyini, suyun, küləyin güçünü vəsf etdiyi “Küləklər”, “Su və külək”, “Tərtərheş nəğmələri” və s. şeirləri ekoklub üzvlərinin ifasında səsləndirilmişdir. Gənc ekoloqlar işçi qruplarda məktəbdə elektrik enerjisinə və suya qənaət, tullantıların azaldılması məqsədilə aparılan monitorinqin nəticələri barədə məlumat verib, iqlim dəyişmələrinin azaldılması üçün plastik tullantılardan hazırladıqları yaradıcılıq işlərini nümayiş etdirmişlər.
M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Rəvanə Məmmədova, Bakı Dövlət Universitetinin Bioekologiya kafedrasının professoru, b.e.d. Elman İskəndər, ETN Botanika İnstitutunun baş elmi işçisi, b.ü.f.d.Yusif Zeynalov, aparıcı elmi işçi b.ü.f.d. Xuraman Xəlilova, «Ekoerudit” ekoklubun rəhbəri, ETN Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-in direktor müavini, b.ü.f.d. Lalə Dadaşova, şöbə müdiri Alik Məmmədov tədbirdə çıxış edərək 2024-cü ildə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) məqsədini, iqlim dəyişmələrinin azaldılmasında yaşıllaşdırmanın genişləndirilməsinin, tullantıların təkrar istifadəsinin, alternativ enerjinin, sağlam həyat tərzinin və “yaşıl düşüncə”nin formalaşdırılmasının əhəmiyyətini qeyd etmiş və şagirdlərə tövsiyələrini vermişlər.
“Beynəlxalq Yer günü” ilə əlaqədar ekoklub üzvləri ənənəvi ağacəkmə aksiyasında iştirak etmişlər. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı PHŞ-in rəhbərliyi tərəfindən hədiyyə edilmiş ağac və kol bitkiləri məktəbin sahəsində əkilmişdir.