“İdrak” liseyi “Media dərs” layihəsini təqdim etdi

  Dekabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İdrak” liseyi Lökbatan qəsəbəsindəki Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə “İKT-dən tədris prosesində istifadə təcrübəsindən” mövzusunda tədbir keçirib. Tədbirdə “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun hazırlayaraq reallaşdırdığı “Media dərs” layihəsi təqdim edilib. Mönsüm Alışov bildirib ki, “İdrak” liseyində İKT vasitəsilə hazırlanmış bütün dərslər “ağıllı” lövhələrdə yazılır və yaddaş bazasında saxlanılır. Hər bir şagird ona verilmiş xüsusi kodlarla evdə internet vasitəsilə liseyin bazasına daxil olur və istədiyi fəndən müəllimlərin izahına təkrar baxmaq və dinləmək imkanı əldə edə bilir. Liseydəki bu “media dərs” bazasından şagirdlərimizin istifadə etməsi, onlarda dayanıqlı yaddaşı formalaşdırmaqla yanaşı, yetişməkdə olan gənc nəslin bilikli, bacarıqlı və intellektli olmaları üçün əvəzedilməz şəraitin yaradılması imkanıdır. Bu layihənin liseydə tətbiqi həm “45 dəqiqəlik dərs” məhdudiyyətini, həm də zaman və məkan problemini aradan qaldırır.

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, təhsil ekspertləri Şahlar Əsgərov, Nadir İsrafilov, professor Fərahim Sadıqov, Bakı Dövlət Universitetinin professoru Əziz Məmmədov, 166 nömrəli məktəb-liseyin direktoru Şəmsi Qoca və başqaları ”İdrak” liseyində tətbiq olunan bu qabaqcıl təcrübənin digər liseylərdə də tətbiq ediməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu layihədən istifadə etmək respublikamızın ümumtəhsil müəssisələrində təhsilin yeni pilləsinin formalaşdırılmasına və inkişaf etdirilməsinə imkan verəcək.Sonra layihə ilə bağlı suallar cavablandırılıb. Tədbirdə məktəb direktorları, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

http://www.moderator.az/news/205790.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi