“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirildi
24.10.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseyin 9-11-ci siniflərində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə iştirak edən Nəsimi Rayon Polis İdarəsinin rəisi Vüqar Ağayev çıxış edərək bildirib ki, hazırda bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Azərbaycan da narkomaniyanın acı nəticələrindən ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür. Narkomaniyaya meyil əsasən gənclik dövründə başlanır. Buna görə də məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır.
Həmçinin narkomanlıq və narkobiznesin cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıtdığını deyən V.Ağayev vurğuladı ki, bu bəla sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.