"Ən yaxşı referat "müsabiqəsinin qalibi

08.04.2022-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak edirdilər. Tədbir iştirakçıları məktəblilərin mövzulara aid sərgisi və əl işləri ilə tanış olmuşlar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. Qeyd olundu ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. Təqdim olunmuş 23 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir.
Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etdilər.Liseyin 11”A”sinif şagirdi Bayramov İlkin və onun elmi rəhbəri tarix müəllimi Səfa Allahyarova da referat müsabiqəsinə qatılmış və qaliblərdən olmuşlar.Sonda qaliblərə diplom və hədiyyələr verilmişdir.