Bülbülün ev muzeyində 120 illik yubileyi qeyd edildi

144 N-li tam orta məktəbin şagirdləri bu gün dahi Bülbülün ev-muzeyində oldular. Burada onlar ölməz musiqiçinin mənalı həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əyani vəsaitlər və şəxsi əşyalarına baxdılar. Muzeyin əməkdaşları orada saxlanılan eksponatlarla şagirdləri tanış etdi. Sonra şagirdlər məktəbin musiqi müəllimi Təranə Hüseynovanın təşkilatçılığı ilə hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər. Ölməz sənətkar haqqında müstəqil olaraq araşdırdıqları məlumatları söylədilər. Məktəbin digər şagirdləri Fikrət "Ölkəm" , Polad isə "Sənsiz" romanslarını ifa etdilər. Musiqi müəllimi Təranə Hüseynova ölməz sənətkarın xalqımızın musiqi tarixində əvəzzsiz rolunu vurğulayaraq ətraflı məlumat verdi. Sonda muzeyin rəhbərliyi tərəfindən tədbirdə fəallığı ilə fərqlənən şagirdlərə dahi sənətkar haqqında nəşr edilmiş kitablar və onun ifa etdiyi mahnılardan ibarət disklər hədiyyə olundu. Şagirdlər dahi Bülbülün ev-muzeyindən xoş təəssüratlarla qayıtdılar.