HAQQIMIZDA

     Vizionumuz:     “ Düşünən, fikirlərini doğru arqumentlərlə ifadə edə bilən şagird yetişdirmək” 

      Missiyamız:  1. Təlim keyfiyyətini yüksəltmək 
                           2. 21-ci əsr şagirdini yetişdirmək    

 

Binəqədi rayonu Namiq Babayev adına 144 nömrəli tam orta məktəb 1978-ci ilin avqustun 30-dan fəaliyyətə başlayıb. Məktəb Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş məzun Namiq Babayevin adını daşıyır. Məktəb ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.İbtidai təhsil səviyyəsi üzrə siniflərin sayı – 12, ümumi orta təhsil səviyyəsi üzrə siniflərin sayı – 15, tam orta təhsil səviyyəsi üzrə siniflərin sayı – 6 olmaqla, məktəb üzrə ümumilikdə 33 sinifdə 852 şagird təhsil alır. Göründüyü kimi məktəbdə siniflərin və müvafiq olaraq şagirdlərin sayı artmaqdadır.Təhsil müəssisəsində 78 pedaqoji işçi çalışır ki, onlar da şagirdlərin maraq və potensial imkanlarını, fərdi xüsusiyyətlərini nəzərə almaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etmək üçün bilik və bacarıqlarını əsirgəmirlər.  Peşəkar müəllimlərin səyi nəticəsində təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsi məqsədilə məktəbdə bilik yarışları, müxtəlif mövzularda müsabiqələr təşkil edilir, yüksək nəticə əldə etmiş şagirdlər dəyərləndirilirlər. Həmçinin ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti barədə təsəvvürlərin genişləndirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılması məqsədilə  məktəb kitabxanasında tədbirlər keçirilir, eyni zamanda  Firudunbəy Köçərli adına Mərkəzi Uşaq Kitabxanası, şəhərin diyarşünaslıq və tarix muzeyləri ilə müntəzəm əməkdaşlıq edilir. Məktəbin maddi-tədris bazasının, təlim-tərbiyə işinin möhkəmləndirilməsi məqsədilə məktəbdə müxtəlif fənn kabinetləri fəaliyyət göstərir.Şagirdlərin intellektual səviyyələrinin artırılması,həyat və təhsillərinin daha maraqlı və məzmunlu keçməsi üçün məktəbdə "Kiçik akademiya"  təşkil edilmişdir. Məktəbin bufeti və idman zalı şagirdlərin xidmətindədir. Şagirdlər məktəbdə müxtəlif idman yarışları və oyunlarda iştirak edir, müsabiqə və sərgilərə qoşulurlar.

             Şagirdlərin asudə vaxtlarında mütaliə ilə  məşğul olmaları üçün müxtəlif ensiklopediyalar, jurnallar və kitablarla zəngin olan məktəb kitabxanası xidmət göstərir. Eyni zamanda məktəbdə geniş akt zalı mövcuddur ki,  burada tədbirlərin təşkili və keçirilməsi üçün lazımi şərait yaradılmışdır. 

             Fəxrlə demək olar ki, məktəbin məzunlarından 500 -dən yüksək bal toplayanların sayı ilbəil artır. Qeyd etmək lazımdır ki, 2018-2019-cu tədris ilində məktəbi bitirən 21 nəfərdən 20-si, 2019-2020 və 2020-2021 -ci tədris illərində isə hər 2 sinifdən birinin bütövlükdə təhsil alan şagirdləri və digər siniflərdən əksəriyyəti  müxtəlif, nüfuzlu  ali məktəblərə qəbul olmuşlar.Sevindirici haldır ki, bu məzunların sorağı nəinki vətənimizin, eləcə də vətənimizin hüdudlarından çox-çox uzaqlardan gəlir.

 

               Məktəb  Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə  Qrant müsabiqə"si və digər layihələrdə  iştirak etmiş, bir neçə layihənin qalibi olmuşdur(2019-2020 ci dərs ili, İbrahimova Turanə).   2020-2021-ci tədris ilində V Qrant Müsabiqəsində yer tutmasa da "Müəllimə metodiki dəstək" layihəsi ilə ( məktəb direktoru Sultanova Qənirə) çıxış etmişdir. Cari tədris ilində məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim Abbasova Şəhla  "Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinə qoşulmuşdur. Eyni zamanda Şəhla Abbasova Respublika üzrə Microsoft Sertifikatlı Təhsilçi (MCE) adını qazanan 34 müəllimdən biridir.

           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi