FƏXRİMİZ

          Namiq Yaşar  oğlu  Babayev 1970-ci ildə Bakı  şəhərində  anadan  olmuşdur. Namiq  təhsilini  Binəqədi  rayonundakı 144  saylı  orta  məktəbdə almışdır. 1984-cü ildə  yeddinci  sinfi  bitirdikdən  sonra  C.Naxçıvanski   adına  İxtisaslaşmış Hərbi  Məktəbə  daxil olmuş,  1987- ci ildə  oranı  əla qiymətlərlə   başa  vurmuşdur. Peşəkar hərbçi  olmaq  istəyən  Namiq  təhsilini  davam  etdirmək  üçün 1987-ci ilin  yayında  Ukrayna  Respublikasındakı  Marşal  Xarçenko  adına  Komandirlər  məktəbinə  daxil  olmuşdur. Sonradan Sank-Peterburq hərbi dairəsinin Arxangelsk şəhərində yerləşən hərbi hissəyə taqım komandiri  təyin olmuşdur. Respublikamızdan  kənarda  təhsil  almasına  baxmayaraq  hərbin  sirrlərinə  dərindən  yiyələnmiş, tələbə  yoldaşlarının  və  müəllimlərinin  nüfuzunu  qazanmış, vətənimizin  adını  həmişə  uca  tutmuşdur.

         1990-cı il  Yanvar  qırğını zamanı  imperiyapərəst  və  ermənipərəst  hərbi  qüvvələrin  törətdiyi  vəhşilikləri eşidən Namiq sarsılır, valideynləri ilə əlaqə saxlayır. Məlumatlar toplayaraq Azərbaycanın haqq işi uğrunda  mübarizəyə  başlayır. Mübarizəsini  sübut  etmək  üçün  lazımlı işlər görür, “İgid öz yurdunda igid, mərd olar” –deyərək Vətənə dönmək və  düşmənə qarşı mübarizə aparmaq qərarına gəlir. Bu hiss, bu duyğu vətəninin təhlükə qarşısında olduğunu bilən və onu dərin məhəbbətlə sevən vətən oğlunu rahat buraxmır. 1992-ci ilin may ayında Bakıya qayıtmaq qərarını verir.

           Müdafiə Nazirliyinə müraciət edən Namiq  Azərbaycana gəlir. 247 №li əmrə əsasən  Müdafiə Nazirliyində hissə komandirinin müavini təyin edilir. Peşəsinə ürəkdən bağlanan gənc  leytenant  qısa müddət ərzində çox işlər görür. Cəbhə bölgələrinə göndərilən döyüşçülərin hazırlığını təmin etmək məqsədilə ayrılmış polka rota komandiri təyin edilib, Göytəpəyə göndərilir. Cəbhə yoldaşları ilə birgə Ağcabədi rayonunun Ovşar kəndi istiqamətində mövqelərimizi düşməndən qoruyur. İlk döyüşü də elə bu vaxtdan başlayır.1993-cü il avqust ayının 19-da 6 saat davam edən döyüşdə Aşağı Veysəlli kəndinin yaxınlığında ermənilərə qan udduran əsgərlərimiz döyüşdən alnı açıq , üzü ağ çıxırlar. Düşmən 2 tank , 42 nəfər əsgər itirərək geri çəkilir.

            1993- cü il oktyabr ayında Namiqin dəstəsi yenidən Nərgiztəpə yüksəkliyini ələ keçirmək üçün hücuma keçir. İki gün davam edən döyüş qələbə ilə başa çatır. Həmin gün öz mövqelərini Cəlilabad, Masallı könüllü batalyonlarına təhvil verib öz rotası ilə Xaçınstroq deyilən yerə yola düşürlər. Eşidəndə ki, ermənilər Binəqədi batalyonunu öz mövqelərindən geri oturdaraq Beyləqana tərəf hücuma keçirlər,  həyəcan siqnalı illə qeyri – bərabər döyüşlərə girməli olurlar. Üç gün şiddətli döyüş gedir. “Ağdaş“ yüksəkliyini ələ keçirib mövqelərini bərpa edirlər.

           1993-cü ilin 14 dekabrı döyüşçülərin yaddaşına qızıl hərflərlə yazılır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş Komandan  Heydər Əliyev  Namiqgilin komandan batalyonu yerləşən mövqelərə gedir. Döyüşçü ilə görüşür. Ona Rembo ləqəbini verir.

           Ölkə prezidentinin bu görüşü döyüşçülərə ruh verir, onlar “ Qaraqanlı “ yüksəkliyini ermənilərdən almaq üçün yenidən döyüşə atılırlar. Dörd gün davam edən döyüş qələbə ilə nəticələnir. Bu döyüşlərdən məlum olur ki, Namiqin şəxsi şücaəti, döyüş qabiliyyəti, bir zabit kimi peşəkarlığı erməniləri də narahat edir.

           1994-cü ilin yanvar ayının 24-də Beyləqan avtobusu ilə yola salınan Namiq ayın 25-də Şişqaya yüksəkliyini ələ keçirmək üçün kəşfiyyata gedib-qayıdır. Komandanlıqdan hücuma keçmək üçün əmr alan zabit bu işin də öhdəsindən layiqincə gəlir. Yaralı əsgəri döyüş bölgəsindən çıxartmaq ona həyatı bahasına başa gəlir. 1994-cü il yanvar ayının 26-da arxadan atılan erməni snayperinin qurbanı olur. Xoşbəxtlikdən dostları onun cəsədini döyüş bölgəsindən çıxarır, Bakıya yola salırlar. Acı xəbəri eşidən valideynləri sarsılır . Namiqi Razin qəbirstanlığında dəfn edirlər. Ölümündən sonra Namiq Babayevin qəhrəmanlığı layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev onun şücaətini “Azərbaycan Bayrağı” ordeninə layiq görmüş , Biləcəri 247 saylı hərbi hissəsində onun büstü qurulmuş, oxuduğu 144 saylı tam orta məktəbə onun adı verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi