"Uşaq hüquqları" mövzusunda müzakirə təşkil edildi

20 oktyabr-20 noyabr aralığı ölkəmizdə "Uşaq hüquqları" aylığı elan edilmişdir. Aylığın keçirilməsində məqsəd BMT-nin "Uşaq hüquqları" konvensiyasının ildönümü və 20 Noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində azyaşlılara diqqətin artırılması və uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə də Bakı şəhəri N.Babayev adına 144 saylı tam orta məktəbdə "Uşaq hüquqları" aylığı ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də sinif rəhbəri Aynur Əliyevanın təşkilatçılığı ilə məktəbin 5c sinif şagirdlərinin təqdimatında hazırlanmış "Uşaq hüquqları" mövzusunda müzakirə idi. Şagirdlər uşaq hüquqları barədə hazırlanmış video çarxa tamaşa etdikdən sonra gördüklərinə münasibət bildirdilər, öz hüquqları barədə bildikləri məlumatları paylaşmaq və müzakirə etməklə bərabər, düşüncələrini rəsmlərə çevirərək, müxtəlif səhnəciklər ifa edərək fikirlərini çatdırmağa çalışırdılar. Onlar bildirdilər ki, hər bir uşağın yaşından, milliyətindən, irqindən, təminatından asılı olmayaraq dinc və xöşbəxt yaşamaq, təhsil almaq, müalicə olunmaq hüquqları vardır.